Bildiyiniz kimi Informasiya Texnologiyaları sürətlə inkişaf edir. IT-nin inkişafı bu sahəyə yönələn gənclərin sayının çoxalmasına gətirib çıxarır. Dünyada baş verən iqtisadi böhranlar nəticəsində bank, sığorta və digər bir çox sahələrdə ixtisarlar artmağa başladı. Həmin ixtisara düşən mütəxəssislər arasında ixtisaslarını İT sahəsinə yönəldənlər də çoxluq təşkil edir (svitçerlər) . Bir neçə il əvvəl əmək bazarında İT mütəxəssislərin sayında qıtlıq var idisə, hazırkı durumda bu problem yavaş-yavaş aradan qalxmaqdadır.
Hər bir işdə uğur qazanmaq insanın həmin işə həvəslə yanaşmasından, çalışmasından və məqsədyönlü olmasından asılıdır. Bu uğura nail olmaq üçün İT sahəsində bilik və bacarıqları daim artırmaq lazımdır, mütəmadi olaraq yeni çıxan texnoloji trendlər, sistemlər və sertifikasiyalar ilə tanış olmaq, müvafiq kurslara qatılmaq lazımdır. Mən bu sahəni tibb-ə bənzədirəm, yaxşı həkim olmaq üçün daim oxuyub çalışmalısınız. Fikirləşməyin ki, İT sahəsində ilk işinizi tapsanız karyera pilləkanında avtomatik irəliləyəcəksiniz. Mən deyərdim ki , bir çoxları bu çətinlikləri gözə alıb İT sahəsinə yaxın durmurlar, və ya əksinə bu sahəyə giriş edib illərdi karyera yüksəlişi əldə etməyəndən sonra məyus olurlar. Əgər bir mütəxəssis illərdi ki texniki dəstək və ya təmir vəzifəsində çalışır və artımından gileylənirsə, deməli inkişaf etmək istəmir. Necə deyərlər, pis o əsgərdi ki, general olmaq istəmir.
İlk öncə səbrli olmaq. Yeni başlayanların yol verdiyi ən məhşur səhv – səbrsizlik. Bəzən bir çox tələbələr (əsasən yeni başlayanlar) “müəllim 3 aydan sonra mən Sistem İnzibatçısı ola biləcəm?” sualını verirlər. Cavabım isə “Əlbəttə ki, xeyr olur”. Çünki fikrimcə normal infrastruktura malik olan şirkətlər 3-4 ay təcrübəsi olan yeni başlamış kadra öz serverlərini və ya şəbəkəsini etibar etməzlər. Bu məntiqə əsaslanaraq, uğur qazanmaq üçün kiçik pillədən başlayaraq yavaş-yavaş irəliləmək lazımdır. Bir çox uğurlu sistem və ya şəbəkə administratorları, İT menecerlər başlanğıcda Texniki Dəstək (Help Desk) mütəxəssisi pilləsindən karyeralarına qədəm qoyublar. Daha sonra Service Desk Administrator və ya İT Menecer vəzifəsinə qalxmaq olar. Çünki İT sahəsinə başlayan kimi birbaşa İT menecer vəzifəsinə getsən, sabah şirkətdə çıxan çətin problemlər və ya Help Desk texniklərin üzləşdiyi çətin məsələlərdə Siz tərcübənizin az olmağından dolayı yardım edə bilməyəcəksiniz. Proqramlaşdırmada da vəziyyət eyni cürdür. Yeni başlayan proqramçılar təcrübə toplamaq üçün layihələrdə təcrübəçi, sonra Junior developer, Senior və Team Lead vəzifələrinə ucalırlar. Əlbəttə ki, karyera yüksəlişinə nail olmaq üçün yuxarıda qeyd etdiyim kimi daim oxumalı və nəzəri biliklərinizi praktikaya çevirməlisiniz. İT sahəsində çalışdığınız və ya çalışmaq istədiyiniz istiqamət üzrə mütləq rəsmi sertifikatlar əldə etməlisiniz. Təbii ki bu sertifikatları kitab, video materiallardan oxuyaraq Microsoft, Cisco, Oracle və digər vendorlar tərəfindən imtahan verib əldə etmək olur. İmtahana hazırlıq prosesi biraz çətin və yorucu olur, amma əldə etdiyiniz sertifikat Sizi iş müsahibəsində digər namizədlər sırasında qabağa çəkir. Paralel olaraq İT ixtisasınızdan əlavə xarici dil, ingilis və rus dili, komandada iş, liderlik və menecment təlimlərində də iştirak etməlisiniz. Bu təlimlərdə yiyələnəcəyiniz bilik və bacarıqlar, sertifikatlar gələcəkdə Sizə yeni vəzifələrdə işləmək üçün mütləq lazım olacaq.
Xaricdə təhsil almağı gənclərin demək olar ki böyük əksəriyyəti arzulayır və bunun üçün çalışırlar. Bu çox təqdirəlayiq haldır. Düzdü, burada fikir ayrılığı var. Bir çox uğurlu İT mütəxəssislər xaricdə təhsil almadan öz karyeralarında yüksək vəzifələri əldə ediblər. Fikrimcə xaricdə təhsil almaq üçün Siz özünüzdə konkret olaraq bəzi nüanslara aydınlıq gətirməlisiniz. Bu çox çətin və şəxsi məsələdir. Adətən bu çətinliklərlə artıq oturuşmuş mütəxəssislər qarşılaşırlar. Çünki normal işi olan mütəxəssis “hər şeyi atıb” bir neçə il xaricə köçüb təhsil almaqdan qorxur. Mənim İT sahəsində xaricdə təhsil almaq istəyən gənclərə tövsiyyəm risk edib təhsil almaqdır, çünki təhsilə edilən yatırım heç vaxt itmir. Lakin, bu tövsiyyəni yalnız yuxarıda bəhs etdiyim nüanslara özünüzdə aydınlıq gətirəndən sonra keçərli olmasını deyərdim. Onlardan bəzilərini aşağıda qeyd edirəm:
- Oxuyacağınız ixtisası seçərkən mütləq gələcək üçün perspektivi seçin. Məsələn hal hazırda Bakıda işlədiyiniz ixtisas üzrə xaricdə təhsil almağa getməyin mənası yoxdur. Məsələn hal hazırda populyar olan Kiber Təhlükəsizlik, DevOps, Süni İntellekt və digər trenddə olan ixtisasları oxumağa dəyər. Ola bilər ki Azərbaycanda hələki bu ixtisaslara tələb çox deyil, amma Siz rahatlıqla təhsilinizi başa vurub Avropa və Amerikada iş tapa biləcəksiniz.
- Gedəcəyiniz ölkədə İT çox inkişaf etməlidir, əks halda boş vaxt və maliyyə itkisi olacaq. Buna misal olaraq həmin ölkədə yerləşən İT şirkətlərin çox olması, hökümətin rəqəmsal texnologiyalardan istifadə etməsi misal olaraq gətirmək olar. Məsələn Estoniya bu sahə üzrə sürətlə inkişaf edir və Estoniyanın universitetində oxuyan tələbələr böyük şirkətlərdə təcrübə toplaya bilir və son semestrlərdə oxuyaraq işləyə bilirlər.
- Əgər Siz konkret olaraq hansısa istiqamət üzrə təkminləşmək istəyirsinizsə, o zaman qısa müddətli kursları da nəzərdən keçirin. Məsələn əgər hər hansı bir yeniliyi öyrənməyi yerli, xarici və ya online platforma üzrə 5-6 aya öyrənmək olursa, o zaman işinizdən ayrılmadan bunu edə bilərsiniz, bunu etmək üçün mütləq xaricə köçmək vacib deyil.
- Əgər qərarınız qətidir və Siz xaricdə təhsil üçün ciddi şəkildə hazırlaşırsınızsa, o zaman bakalavr üçün İT-in (oxuyacağınız istiqamətdən asılı olaraq) ən azı fundamental biliklərini öyrənin. Bir çox gənclərimiz xaricdə təhsil üçün yalnız İELTS imtahanı və ortalama GPA balının yüksək olmasının kifayət edəcəyini düşünür. Bu düşüncə səhvdir! Elə adicə Estoniya Universitetlərini götürsək, orada magistr təhsili almaqdan ötəri Sizə çox güclü “background” tələb olunur.
Karyera planlamasını barəsində məsləhətləri çalışdığınız mühitdə təcrübəli kolleqalarınızdan, müəllimlərinizdən ala bilərsiniz. Əgər bu imkanınız yoxdursa, o zaman internet forumlarda bu mövzuda araşdırma aparıb digər təcrübəli mütəxəssislərin fikrini öyrənməyi tövsiyə edərdim. Gənclərin karyera planlamasında əmək haqqından öncə diqqət edəcəyi məsələ harada işləyib təcrübə toplamasıdır. Çünki gənc yaşda düzgün toplanan təcrübə çox dəyərlidir.
Necə deyərlər, çətini ilk işi tapıb bu sahəyə qoşulmaqdır. İş tapmaq üçün iş elanları saytlarından əlavə forumlar, sosial şəbəkələrdəki qruplarda elanları izləmək lazımdır. Demək olar ki hər gün, sözügedən qruplarda müxtəlif layihələrə təcrübəçi və ya junior axtarışı elanlarını görmək olur. Yeni başlayanlara tövsiyyəm odur ki, maaş dalınca qaçmayın. Əsas təcrübə toplamaqdır. Qazandığınız təcrübə artdıqca, əmək haqqınızda artacaq. Hamınıza çətin, keçməkeşli, lakin gələcəyi və yüksək məvacibi qarantı edən İT sahəsinə başlamağı tövsiyə edirəm və başlanğıcda bol-bol uğurlar arzu edirəm.
Hörmətlə,
Azər Sanılı , MBA,MCP, MSCA, CCNA
Start IT təlim mərkəzinin direktoru